Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanatı
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etmiş Ermənistan tərəfindən bu ərazilərdə həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı əhali həmin torpaqlardan, o cümlədən Ermənistandakı tarixi vətənlərindən didərgin düşmüşdür. Faşizm, işğal, soyqırım və sair bu kimi zorakılıqlar üzərində qələbə əsri sayılan XX əsrin sonlarından başlayaraq Ermənistan dünya ictimaiyyətinin yaddaşını yenidən təzələyib görünməmiş zorakılıqlar törədərək körpələri, uşaqları, qadınları və qocaları xüsusi qəddarlıqla qətlə yetirmiş, minlərlə insanı əsir və girov götürmüş, Xocalı soyqırımı törətmişdir. Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal altında olan Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Parlament Assambleyası tərəfindən də tanınmışdır (Qətnamə N1416 /2004/).
Ermənistan beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Bunun əvəzində Ermənistan hakimiyyəti işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir, Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub separatçı bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. İndi də işğalçı qüvvələr bu il mayın 23-də qondarma respublikada yenidən "parlament seçkiləri” keçirmək niyyətinə düşüblər.
Azərbaycanın işğal altında olan ərazilərində keçiriləcək bu seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir və əslində işğalın həqiqi mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyətin və dünya dövlətlərinin Ermənistan siyasi hakimiyyət dairələri tərəfindən növbəti dəfə çaşdırılması və sülh danışıqlarına əngəl törədilməsindən başqa bir şey deyildir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Azərbaycan Respublikasının ərazisində seçki və referendumlar yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir.
Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumların, o cümlədən Avropa Şurası, ATƏT və onun Minsk qrupu, habelə fərdi dövlətlərin qondarma seçkiləri tanımamaları və münaqişənin sülh yolu ilə həllinə xələl gətirə biləcəyinə dair bəyanat və mövqelərini alqışlayır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, qondarma qurumdakı "seçkilərə” cəlb olunacaq və özünü "müşahidəçi” kimi qələmə verən nümayəndələrin diqqətinə çatdırır ki, onlar işğal olunmuş ərazilərdəki fəaliyyətləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar.
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin mənbəyini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilən seçkilərdə xalqın iradəsi təşkil edir. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüquqlarının prinsip və normalarının müdafiə edilməsi ilə təminat verir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər.
Beynəlxalq ictimaiyyətin də eyni mövqedə olduğuna əmin olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 20 may 2010-cu il