Milli atributlar

Dövlət Bayrağı

6e12143b280708428a836a224ed0e248_DA6C45-A738FD-6453EE-80F367-D5A584-EF82D6.png

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9 - da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həmin sessiyasında Azərbaycan SSR Ali Sovetinin qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırılmişdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Dövlət Gerbi

National Heraldry

Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.

Müasir Dövlət Gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da Azərbaycanın Dövlət Gerbi haqqında müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində Dövlət Gerbi haqqında qərarın qəbulu mümkün olmamışdır.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət Gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət Gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 5 fevral tarixli, 20-XII nömrəli qərarı ilə müsabiqə elan olunmuş və 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklər edilməklə 1993-cü il yanvarın 19-da Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edilmişdir.

2018-ci il noyabrın 2-də “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1332-VQK nömrəli Konstitusiya Qanunu qəbul edilmişdir.

Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən Şərq qalxanı şəklindədir.

Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Həmin Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdən tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan, Azərbaycan!