19 iyul 2007-ci il tarixə təyin edilmiş qondarma Dağlıq Qarabağ Respublikası prezidenti "seçkiləri" ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Bəyanatı qəbul edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

B Ə Y A N A T I


Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. İşğalçı qüvvələr bu il iyulun 19-da Azərbaycanın ayrılmaz hissəsi olan dağlıq Qarabağda yenidən "prezident seçkiləri” keçirmək niyyətinə düşüblər. Bu cür addım beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam ziddir.



Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə əsasən, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən yalnız Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilib həyata keçirilməlidir.



Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumların, o cümlədən Avropa Şurası, ATƏT və onun Minsk qrupu və fərdi dövlətlərin qondarma seçkiləri tanımadıqları və münaqişənin sülh yolu ilə həllinə xələl gətirə biləcəyi haqqında bəyanat və mövqelərini alqışlayır.



Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycan Respublikasının işğal altında olan ərazilərində "seçkiləri” müşahidə etmək niyyətində olan "müşahidəçilər” beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Onların bu hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcəkdir.



Beynəlxalq ictimaiyyətin də eyni mövqedə olduğuna əmin olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır.


Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 18 iyul 2007-ci il