Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb
2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə
əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına
başlanılıb.
Mərkəzi Seçki
Komissiyasının üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə
seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin
Mətbəəsində açıq və şəffaf keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar,
kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçıları olan müxtəlif
subyektlərin prosesi yaxından izləmələrinə tam şərait yaradılıb. İlk gün - aprelin
2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, ölkəmizin
xarici ölkələrdəki diplomatik nümayəndələriklərində, konsul idarələrində və
üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə müvafiq qaydada yaradılmış seçki
məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar
bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki
dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki
dairələrinə təhvil verilməsi nəzərdə tutulur.
Tədbirdə seçki
bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki
Məcəlləsinin tələbləri və prosesin təşkili barədə kütləvi informasiya
vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması
üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli
işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.
Xüsusi Dövlət
Mühafizə Xidməti tərəfindən təmin olunan yüksək təhlükəsizlik şəraitində
hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra
onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin
mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata
keçirilir.
Qeyd edək ki, prezident
seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma
qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi
Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki
bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş
milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub. Seçki
Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki
gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki
komissiyalarına veriləcək.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr
şöbəsi