Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilib
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə martın 19-da Mərkəzi Seçki Komissiyasında püşkatma keçirilib.
Bildirilib ki, artıq prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb, 8 iddiaçının namizədliyi qeydə alınıb və martın 19-dan seçkiqabağı təşviqata start verilib. Seçki Məcəlləsinin tələbinə əsasən, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq, həftədə 6 saat efir vaxtı ayrılıb. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcək. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə əvvəlcədən püşkatma komissiyası yaradılıb, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunub.
Sonra qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib və prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin "Dəyirmi masa” ətrafında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.
Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin Seçki Məcəlləsində nəzərdə tutulan qaydada dərc edilməsini qərara alıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC