Martın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə martın 17-də Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 mart 2018-ci
ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir
vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın
keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. Komissiya
üzvlərinin müzakirəsindən sonra ödənişsiz əsaslarla efir vaxtının bölgüsü
məqsədilə MSK-nın 3 üzvündən və Katibliyin Media və ictimai əlaqələr şöbəsinin
müdirindən ibarət tərkibdə püşkatma komissiyasının yaradılması və püşkatmanın
2018-ci il martın 19-u saat 16:00-da MSK-nın inzibati binasında keçirilməsi
qərara alınıb.
Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə
də baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə
namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar
Calal oğlu Məmmədovun namizədliyi qeydə alınıb. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Tural Feyruz oğlu Abbaslının
və namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli
Nadir oğlu Əliyevin namizədliyinin qeydə alınması mümkün olmayıb.
İclasda daha sonra MSK-nın qərarı ilə seçkilərdə qeydə
alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən
təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.
Komissiyanın iclasında bəzi seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Siyasi partiyaların və prezidentliyə namizədlərin
səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının
təmsilçilərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi