Mərkəzi Seçki Komissiyasının sədri ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb
2018-ci il martın 13-də Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament
Assambleyasının nümayəndə heyəti ilə görüşüb.
Sədr Məzahir Pənahov ATƏT Parlament Assambleyasının
üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Senanı
və nümayəndə heyətini salamlayaraq prezident seçkiləri ərəfəsində keçirilən görüşdən
məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların
müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi
əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi
seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən xanım
Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının
fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək
səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş
işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri
nümayəndə heyətinin diqqətinə çatdırıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq
doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC