Martın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Martın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 7 mart 2018-ci
ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkə hüdudlarından kənarda
səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil
edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.
Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də
baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə
namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş cənab Fərəc
İbrahim oğlu Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli
sürülmüş cənab Hafiz Ələmdar oğlu Hacıyevin və namizədliyi "Cəbhəçilərin
təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş cənab Razi
Qulaməli oğlu Nurullayevin namizədliyi qeydə alınıb.
Daha sonra iclasda bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilib.
Siyasi partiyaların və prezidentliyə namizədlərin
səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının
təmsilçilərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi