Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb
Məzahir Pənahovun sədrliyi ilə fevralın 27-də Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda cənab İlham Heydər oğlu
Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Bildirilib ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan
Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni
Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan
sənədlər fevralın 22-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Komissiya bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və
qaydada müvafiq araşdırma aparıb və namizədin qeydə alınması üçün əsasların
olmasını müəyyən edib.
Bütün bunlar nəzərə alınaraq, Mərkəzi Seçki
Komissiyasında aparılan müzakirələrdən sonra Komissiya üzvlərinin yekdil qərarı
ilə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham
Heydər oğlu Əliyev 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının iclası kütləvi
informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi