Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunmuş seminarlara başlayıb
2018-ci
il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə
hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu
seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpkili
irimiqyaslı layihələri davam etdirir.
Cari
il fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasının maarifləndirmə
proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin
araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə
seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin
maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının
səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun
üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.
Seminarların keçirilməsində
başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət
və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki
vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli
təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Mərkəzi Seçki Komissiyası
sədrinin müavini Natiq Məmmədovun açılış nitqi ilə başlayan seminarlar zamanı İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli
nümayəndəsi Çingiz Əsgərov, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində
ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərov və Ramiz İbrahimov tərəfindən
vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə
baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb və praktiki
məşğələlər zamanı əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib.
Martın 1-dək davam edəcək
seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert
qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi