Mərkəzi Seçki Komissiyasının sədri İranın səfiri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir
Pənahov fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Qonağı salamlayan sədr Məzahir Pənahov MSK-da
keçirilən görüşdən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir
Cavad Cahangirzadə iki ölkə arasında sıx əlaqələrin olduğunu və günbəgün
inkişaf etdiyini bildirib. O, Azərbaycanda seçkilərin hər zaman böyük maraqla
izlənildiyini qeyd edərək, ölkəmizin seçki sistemi, seçki praktikasının daha da
təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində
görülmüş işlər və bu il keçiriləcək Azərbaycan Respublikası Prezidenti
seçkilərinə hazırlıqlarla maraqlanıb.
İranlı diplomatın suallarını cavablandıran sədr
Məzahir Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq və xarici qurumlarla
əməkdaşlığa həmişə açıqdır və bu münasibətlər əldə olunan nailiyyətlərdə və
qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. MSK sədri həmçinin,
seçkilərin yüksək səviyyədə təşkil olunub, azad və ədalətli keçirilməsi üçün
Azərbaycanda hər cür şəraitin olduğunu vurğulayaraq, ölkəmizin seçki
qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və prezident
seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması
üçün gerçəkləşdirilməsi nəzərdə tutulan irimiqyaslı layihələrdən ətraflı söhbət
açıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi