Mərkəzi Seçki Komissiyasında Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüş keçirilib
24 noyabr 2017 15:38
Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti noyabrın 24-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.
Qonaqları salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr eyni zamanda vurğulayıb ki, bu münasibətlər davamlı təcrübə mübadiləsinin aparılmasına və seçki prakikasının daha da təkmilləşdirilməsinə xidmət göstərir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrov və nümayəndə heyəti Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının da ən son nailiyyətlərindən istifadə edilərək seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlərlə maraqlanıb və bu uğurlu təcrübənin öyrənilməsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
MSK sədri Məzahir Pənahov nümayəndə heyətinin suallarını cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan qabaqcıl təcrübəni qonaqların diqqətinə çatdırıb və bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait mövcuddur.
Görüş çərçivəsində nümayəndə heyəti MSK-nın İnformasiya Mərkəzində də olub. Mərkəzdə qonaqlara "Seçkilər” İnformasiya Sistemi, seçkilər zamanı proseslərin şəffaflığının təmin olunmasında sistemin təkmilləşdirilmiş şəbəkə variantından geniş istifadə imkanları və müvafiq proqram təminatları barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonra Qazaxıstan MSK-nın nümayəndə heyəti Bakı şəhərində yerləşən bir neçə seçki dairəsinə səfər edərək dairə seçki komissiyalarının iş şəraiti, eləcə də komissiya üzvlərinin, DSK katibliklərinin praktiki fəaliyyəti və müvafiq hüquqi baza ilə yaxından tanış olublar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Media və ictimai əlaqələr şöbəsi