Mərkəzi Seçki Komissiyasının sədri Türkiyənin səfiri ilə görüşüb
30 noyabr 2016 16:26
Noyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Dost və qardaş ölkənin təmsilçisini səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov, onu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb. Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlar və digər xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə yanaşı, Türkiyənin ölkəmizdəki səfirliyi ilə də sıx əməkdaşlığından söhbət açan MSK sədri, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Erkan Özoral ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu bildirib və Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirib. Türkiyəli diplomat eyni zamanda, öz ölkəsinin ali seçki qurumunun Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və qeyd edib ki, bu əlaqələrin daha da inkişafından ötrü əlindən gələni edəcək.
Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi