İyunun 4- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
04 iyun 2005 16:20
İyunun 4- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri gündəlikdəki ilk məsələ - "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar seçki komissiyalarının vəzifələri haqqında” məlumat vermişdir. MSK bu məsələ barədə qərar layihəsini təsdiq etmişdir. Ölkə Prezidentinin həmin sərəncamının icrası məqsədilə tədbirlər planı da təsdiqlənərəq bu qərara əlavə olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin hüdudlarının və adlarının dəyişdirilməsi məsələsi haqqında məlumat vermişdir. Komissiya bəzi seçki dairələrinin hüdudlarının və adlarının dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 4 saylı Naxçıvan şəhər, 33 saylı Xətai birinci və 52 saylı Quba seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması haqqında da qərarlar çıxarmışdır.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri(İFES) və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.