2016-cı il avqustun 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il avqustun 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 4 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar, habelə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə cari ildə yenidən formalaşdırılmış dairə seçki komissiyalarının bütün üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün yeni maarifləndirmə tədbirlərinin təşkil edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra tərtib edilmiş tədris proqramına uyğun olaraq 2016-cı il avqustun 18-də Bakı şəhərində dairə seçki komissiyalarının sədrləri üçün müşavirə, 22-24 avqust tarixlərində isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi qərara alınıb.
İclasda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə də baxılıb və MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra sözügedən təşviqat qrupu Komissiyanın qərarı ilə qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi