Mərkəzi Seçki Komissiyası referendumla əlaqədar səsvermə bülletenlərinin çap olunması prosesinə başlayıb
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Milli Məclisin Mətbəəsində səsvermə bülletenlərinin çapına başlanılıb.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan proses barədə danışan sədr Məzahir Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilib və 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) bülleten çap olunması qərar alınıb. Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
Bülletenlərin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC