2016-cı il iyulun 27-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il iyulun 27-də Mərkəzi Seçki Komissiyasının
iclası keçirilib. Əvvəlcə MSK sədri Komissiya üzvlərini ölkə
Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi
(referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə tanış
edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə referendum 2016-cı il sentyabrın
26-na təyin edilib.
Sonra iclasda qanunvericilikdə
nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, referendum
subyektlərinə metodiki yardım göstərilməsi və onların referendum prosesindəki
fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə 2016-ci il sentyabrın 26-na təyin
edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas
hərəkət və tədbirlərin Təqvim Planı müzakirə olunaraq təsdiq edilib.
İclasda seçki hüquqlarının pozulması
ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin
araşdırılması və vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli
təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun
yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində referendumun keçirilməsi dövründə
fəaliyyət göstərəcək 9 nəfərdən
ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş
müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət
ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.
Komissiyanın iclasında ümumxalq səsverməsi
(referendum) zamanı referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə
edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının
mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi
qrupunun rəhbəri təyin olunub.
Beynəlxalq qurumların və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi