Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə yekun vurub
Məzahir Pənahovun sədrliyi ilə iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
İclasda
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli
Məclisinə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında
protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və
təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə
baxılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 12
aprel 2016-cı il tarixli Sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi
üzrə Milli Məclisə təkrar seçkilər təyin edildikdən sonra seçkilərin
yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün
MSK və aidiyyatı qurumlar tərəfindən Seçki Məcəlləsi ilə
müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə
yanaşılıb və nəzərdə tutulmuş bütün layihələr MSK-nın hazırlayıb təsdiq
etdiyi Təqvim Planına əsasən reallaşdırılıb. MSK-nın birbaşa təşəbbüsü
və təşkilatçılığı ilə demək olar ki, bütün seçki subyektlərini əhatə
edən çoxsaylı maarifləndirmə tədbirləri və digər layihələr həyata
keçirilib.
Təkrar seçkilərə siyasi partiyaları təmsil edən,
habelə öz təşəbbüsləri ilə seçkilərə qatılan 7 nəfərin namizədliyi qeydə
alınıb. Seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait
və eyni imkanlar yaradılıb və seçki dairəsinin ərazisində açıq və qapalı
yerlər ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa
namizədlər sadəcə dairə seçki komissiyasını məlumatlandırmaqla, həmin
yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə
seçkiqabağı toplantılarını keçiriblər. Bütün bunlarla yanaşı seçki
dairəsi üzrə bütün seçki məntəqələrini əhatə edən çoxsaylı böyük ölçülü
lövhələr quraşdırılıb. Ödənişli seçkiqabağı təşviqat üçün müraciət etmiş
kütləvi informasiya vasitələri tərəfindən namizədlərə təklif olunan
qiymətlər MSK-ya təqdim olunub və bu məlumatlar namizədlərin tanış
olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib.
Təkrar
seçkilərlə bağlı seçki gününədək daxil olmuş müraciətlər vətəndaşların
seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə hərtərəfli və
obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq,
ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Komissiya
üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul
olunub. Seçki günü və ondan sonrakı müddətdə MSK-ya heç bir müraciət və
ya şikayət daxil olmayıb.
Cari ildə Milli Məclisə keçirilmiş
təkrar seçkilərdə şəffaflığın təmin olunması məqsədilə 4 beynəlxalq,
həmçinin müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını
təmsil edən və öz təşəbbüsləri ilə seçkilərin müşahidəsinə qatılmış 741
yerli müşahidəçi akkreditasiyadan keçib. Kütləvi informasiya
vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd
tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və
maneəsiz şəkildə seçkilərin izlənməsində iştirak ediblər.
Ümumiyyətlə
seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər
yerli və beynəlxalq müşahidəçilərə, istərsə də kütləvi informasiya
vasitələrinin nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz
həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Beynəlxalq
müşahidəçilər və seçki prosesinin müşahidəsini həyata keçirən digər
subyektlər təkrar seçkilərin yüksək səviyyədə təşkil edilərək Seçki
Məcəlləsinin tələblərini uyğun keçirildiyini və seçki günü səsvermənin
gedişi və ondan sonrakı proseslərlə bağlı hər hansı pozuntuya rast
gəlmədiklərini xüsusi vurğulayıblar.
90 saylı Ağdaş seçki dairəsi
üzrə Milli Məclisə təkrar seçkilərdə aşkarlığın təmin olunması üçün
yuxarıda qeyd olunanlarla yanaşı, seçki dairəsinin bütün ərazisi əhatə
edilməklə 10 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin 25%-də)
internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən
veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə
daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil
olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində
məntəqələrdə səsvermə günü proseslərini əvvəldən axıradək izləmək
imkanına malik olublar.
Səsvermə başa çatdıqdan və məntəqələr
bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata
keçirilib və qısa müddət sonra bütün seçki məntəqələrindən daxil olmuş
məlumatlar əsasında səsvermənin ilkin nəticələri və lider namizəd
haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Səsvermənin
nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla
müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki
komissiyasına, oradan isə MSK-ya çatdırılıb.
Milli Məclisə təkrar
seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini
ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40203 seçicidən 23292-si
səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.
İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən
edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi
yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib.
Komissiya üzvlərinin müzakirəsi zamanı təkrar seçkilərlə bağlı atılmış
addımlar və həyata keçirilmiş layihələr seçkilərin azad, ədalətli və
şəffaf keçirilməsini şərtləndirən təqdirəlayiq hal kimi
qiymətləndirilib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli
Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun
müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması
qərara alınıb.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC