MSK və Avropa Şurasının təşkilatçılığı ilə siyasi partiyaların maliyyə hesabatlarına dair seminar keçirilib

07 iyun 2016 10:52

Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak ediblər.

Qeyd edilib ki, seminar siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsinə və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrin səmərəliliyinin artırılmasına hədəflənib.

MSK sədri Məzahir Pənahov hər iki quruma əməkdaşlıq üçün minnətdarlığını bildirib. MSK sədri Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyaların fəaliyyətə başladığını, çoxpartiyalılığın bərqərar olduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdə 55 siyasi partiyanın dövlət qeydiyyatından keçdiyini deyən M.Pənahov siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK-nın əsas qurumlardan biri olduğunu bildirib. MSK sədri siyasi partiyaların fəaliyyətində böyük irəliləyişlərin nəzərə çarpdığını vurğulayıb. Bildirib ki, ölkələrdə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç layihənin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirildiyini deyib. O qeyd edib ki, məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır. Bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmir. İnanırıq ki, bir müddət sonra bütün partiyalar tərəfindən MSK-ya maliyyə hesabatları təqdim olunacaq. MSK partiyaları maliyyə hesabatlarını vaxtında təqdim etməyə çağırıb. Bununla əlaqədar Komissiyaya əlavə işçilər cəlb olunub. Draqana Filipoviç yüksək səviyyəli və konstruktiv əməkdaşlıq üçün MSK-ya minnətdarlığını bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə MSK və Avropa İttifaqının əməkdaşlığını yüksək qiymətləndirib. Bu layihənin Aİ-nin ən yaxşı təcrübələrini paylaşmağa imkan verdiyini deyib. Bildirib ki, müasir, demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu böyük əhəmiyyətə malikdir. Cinayət, korrupsiya yolu ilə qazanılmış pulların partiyaların maliyyələşməsinə daxil olmasının qarşısının alınması üçün müxtəlif yollar var. Bəzi ölkələrdə bu sahədə problemlər mövcuddur. Ümumi siyasi dəyərlərin formalaşmasında şəffaflığın böyük rolu var. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycan ilə əməkdaşlıq edir.

Sonra seminar Mərkəzi Seçki Komissiyasının təmsilçisi və Avropa Şurasından olan beynəlxalq ekspert tərəfindən "Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin milli qanunvericilikdə həlli yolları”, "Şəffaflıq: maliyyə mənbələrinin açıqlanması, xərclər, üçüncü tərəflər”, "Qanunvericiliyin tətbiqinin monitorinqi: nəzarətdə ən yaxşı təcrübələr”, "Seçkilərdə iştirak edən siyasi partiyaların maliyyə hesabatlılığına dair tələblər” və "Sanksiyalar: növləri, prosedurlar və tətbiqi” mövzularında çıxış və təqdimatlarla davam etdirilib.

Mərkəzi Seçki Komissiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və MSK nəzdində nəzarət-təftiş xidmətinin üzvləri ilə yanaşı, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmiləri, beynəlxalq ekspertlər, dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbərləri və təmsilçiləri, siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı tədbirdə siyasi partiyaların maliyyə hesabatları ilə bağlı bir çox aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

AZƏRTAC