İyunun 3-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı
il iyunun 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 26 may 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra seçki dairələrinin sərhədlərinin
müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib.
2016-cı il iyunun 18-nə təyin edilmiş
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə
təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsi də
iclasda müzakirə edilib. Komissiya seçki günü səsvermə məntəqələrindən kənarda
da proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə seçki dairəsi
üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25%-ində) veb-kamera quraşdırılmasına
qərar verib.
İclasda MSK-nın bəzi normativ
xarakterli aktlarına dəyişiklik edilib.
Komissiyanın iclasında 2016-cı il iyunun
18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb.
Ərizəçilərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən
sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi