90 saylı Ağdaş seçki dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək
90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə mayın 20-də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək. Dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbir 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. İxtisaslaşdırılmış kursların gündəliyinə Milli Məclisə təkrar seçkilərə hazırlıq, seçici siyahıları ilə işin aparılması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının təmin olunması, seçkilərin keçirilməsində müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin rol və vəzifələri, seçki günü prosedurları, səslərin hesablanması və səsvermənin yekunlarına dair nəticələrin rəsmiləşdirilməsi, eləcə də bir sıra digər aktual mövzular daxildir. Tədris planında nəzərdə tutulduğu kimi, kurs ərzində Mərkəzi Seçki Komissiyasının təmsilçisi, dairə seçki komissiyasının sədri və Seçki Məcəlləsinin tələbinə uyğun seçkilərin keçirilməsində vəzifələri olan rayon icra hakimiyyətinin nümayəndəsi tərəfindən mühazirələr oxunacaq, çıxışlar dinləniləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi