Mayın 3-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Mayın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 29 aprel 2016-cı il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası barədə qərar qəbul olunub.
İclasda 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə də baxılıb. Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 41409 (qırx bir min dörd yüz doqquz) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi