Aprelin 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə aprelin 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 noyabr, 18 noyabr, 23 noyabr 2015-ci il, 15 aprel və 16 aprel 2016-cı il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra, seçki fondları vəsaitlərinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə MSK-da Nəzarət-təftiş xidməti yaradılıb və Komissiyanın üzvü nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilib.
İclasda, MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində də dəyişiklik edilib.
Komissiyanın iclasında həmçinin, 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi