Aprelin 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il aprelin 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK sədri Komissiya üzvlərini 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.
Sonra iclasda təkrar seçkilər üzrə seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki prosesinin iştirakçılarına metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı müzakirə olunub və təsdiq edilib.
İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası nəzdində qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması isə sözügedən dairə seçki komissiyasına həvalə edilib.
MSK-nın iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.
İclasda həmçinin 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının tərkibi formalaşdırılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi