AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib
Aprelin 7-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Nümayəndə heyətini salamlayan Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini qeyd edib və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Stefan Şennak ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, onlara Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və qeyd edib ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.
Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC