İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb
Azərbaycan Respublikasında səfərdə olan
İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın
başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il fevralın 18-də Mərkəzi Seçki
Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
Qonaqları salamlayan MSK sədri görüşdən
məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar
və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali
seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb. Məzahir Pənahov qeyd edib ki, Azərbaycan
Respublikasında seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı
inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu
var.
Səmimi qəbula görə təşəkkürünü bildirən
nümayəndə heyətinin rəhbəri Fahri Hamzah İndoneziyanın Azərbaycanla
əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O həmçinin, Mərkəzi
Seçki Komissiyasının seçkilərın azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək
təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə
tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək,
İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki
ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı
olduqlarını ifadə edib.
Görüşdə MSK sədri M.Pənahov seçkilərin
yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün
Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə
heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının
fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və
seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri
və atılan addımları diqqətə çatdırıb.
İndoneziyalı parlamentarilərlə görüşdə
həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi