Mərkəzi Seçki Komissiyasının sədri Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

30 oktyabr 2015 21:34

Beşinci çağırış Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq Milli Məclisə seçkilər ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin seçki qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

Belarusiya Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina da öz növbəsində həm dəvət, həm də səmimi qəbula görə təşəkkürünü ifadə edib və Milli Məclisə keçiriləcək seçkilərə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımlar barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi

Foto: AZƏRTAC