Mərkəzi Seçki Komissiyasının sədri Litva Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

30 oktyabr 2015 21:31

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Litvalı həmkarını salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri daim genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıdan da məmnunluğunu bildirib. Sədr həmçinin vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskas noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib və qonaqların suallarını cavablandırıb.

Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi

Foto: AZƏRTAC