Avstraliya Parlamentinin nümayəndə heyəti oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin nümayəndə heyəti oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Nümayəndə heyətini salamlayan M.Pənahov Milli Məclisə seçkilər ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib. Komissiya sədri MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrindən söhbət açıb və beynəlxalq təcrübənin öyrənilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya Parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Sonra parlamentarilər Milli Məclisə seçkilərlə bağlı MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı son hazırlıq işləri ilə yaxından tanış olublar.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi