Oktyabrın 22-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 13 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verildi.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit-poll” keçirmək niyyəti ilə bağlı "RƏY” Monitorinq Mərkəzi tərəfindən ünvanlanmış müraciətə də baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra adıçəkilən təşkilatın "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olundu.
Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi