Oktyabrın 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 11 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit-poll” keçirmək niyyəti ilə bağlı "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə "exit-poll” keçirilməsi üçün Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, həmçinin "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit-poll” keçirilməsi üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən ünvanlanmış müraciətlərə baxıldı. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra sözügedən təşkilatların "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olundu.
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi