Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb

20 oktyabr 2015 10:03

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun rəhbəri Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Qonaqları salamlayan M.Pənahov nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın beynəlxalq təşkilatlarla əlaqələrinə və qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verdiyini və bu münasibətləri bundan sonra da davam etdirmək niyyətində olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri A.Baranov qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. MSK sədri M.Pənahov qonaqların suallarını cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş layihələri və atılacaq addımları diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi

Foto: AZƏRTAC