Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başladı
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.
Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır. Treninqlər zamanı həmçinin, hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyan treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam etməsi və ümumilikdə 32000-dən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi