Sentyabrın 4-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 31 avqust 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müsavat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edildi və adıçəkilən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
Milli Məclisə seçkilərdə birgə iştirak etmək məqsədilə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış "AZADLIQ-2015” siyasi partiyalar bloku Komissiya üzvlərinin müzakirəsindən sonra MSK-nın qərarı ilə qeydə alındı və blokun emblemi təsdiq edildi.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi