Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Avqustun 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 19 avqust 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxıldı. Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alındı.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edildi və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
Komissiyanın iclasında vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata dəyişiklik edildi.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Beynəlxalq və xarici qurumların təmsilçilərinin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi