ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri avqustun 12-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Missiya üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
ATƏT/DTİHB-nin MSK ilə səmərəli əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildirərək, Milli Məclisə seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. Missiya üzvlərinin suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi