Yanvarın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Yanvarın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.
Öncə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxıldı. Qeyd olundu ki, Milli Məclisin deputatı MSK-ya müraciət edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi vəzifəsinə seçildiyi üçün onun deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Komissiya Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Asəf Hacı oğlu Hacıyevin MSK-ya müraciətinə əsasən onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdi.
İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə də baxıldı. Hərtərəfli və obyektiv şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul edildi. Komissiya üzvlərinin müzakirəsindən sonra Ərkivan bələdiyyəsinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılaraq ləğv olunması qərara alındı.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi