Saat 12.00-dək respublika üzrə 21,44 faiz seçici səsvermə hüququndan istifadə edib

23 dekabr 2014 14:28
Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək respublika üzrə 4 milyon 819 min 382 seçicidən 1 milyon 33 min 210 nəfəri səs verib. Bu, ümumi seçici fəallığının 21,44 faizini təşkil edir.

AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. R.Gülməmmədov bildirib ki, respublika üzrə ən çox seçici fəallığı 31,03 faizlə 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 10,34 faizlə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi göstərib.

Bildirilib ki, MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron poçt ünvanına 50-yə yaxın məlumat daxil olub və bunlar əlavə informasiya almaqla bağlıdır. Heç bir şikayət xarakterli müraciət qeydə alınmayıb.

Xatırladaq ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir.

Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyir. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.

5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.

AzərTAc