MSK sədri: Bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır
Azərbaycanda bütün seçki məntəqələri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə tam hazırdır. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edəcək.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı dekabrın 22–də keçirdiyi mətbuat konfransında məlumat verib.
Seçkilərə hazırlıq prosesindən danışan MSK sədri bildirdi ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Səsvermə üçün məntəqələr dekabrın 23-də saat 08.00-da açılacaq, 19.00-da isə bağlanacaq. Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.
"Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb”, - deyən M.Pənahov qeyd etdi ki, bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Ümumiyyətlə, builki seçkilərdə qeydə alınan müşahidəçilərin sayı 50 mini keçib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir. "Seçkilərdə müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət məktubu göndərilsə də, proqramlarının sıxlığı səbəbindən bu qurum səsvermədə müşahidəçi kimi iştirak edə bilməyəcəyi barədə məlumat verib”, - deyə MSK sədri diqqətə çatdırıb.
AzərTAc