Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çap olunması prosesinə başlayıb

28 noyabr 2014 15:42

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Mətbəəsində seçki bülletenlərinin çapına başlanıldı.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiyanın üzvləri seçki bülletenlərinin çap olunması prosesi ilə tanış oldu. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan proses barədə danışan MSK sədri qeyd etdi ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Belə ki, seçki keçiriləcək 1607 bələdiyyənin hər biri üçün ayrı olmaqla, ümumilikdə 4976302 (dörd milyon doqquz yüz yetmiş altı min üç yüz iki) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və bundan sonra çap olunmuş seçki bülletenləri səsvermə gününə azı 5 gün qalmış MSK-dan dairə seçki komissiyalarına, azı 3 gün qalmış isə dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Qeyd edək ki, seçki bülletenlərinin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi