Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində keçirdiyi "Trenerlər üçün treninq"lər başa çatdı

20 noyabr 2014 18:21

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində noyabrın 17-dən başlanmış "Trenerlər üçün treninq”lər başa çatdı.

Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan treninqlər nəzərdə tutulduğu kimi 4 gün müddətində seçki dairələri üzrə yerli trenerlərin iştirakı ilə keçirildi.

Treninqlərdə seçki dairələrinin hər birindən 2 nəfər olmaqla cəlb edilmiş yerli trenerlərə seçki günü proseslərinə dair bütün məsələlər – səsvermə hərəkətləri, seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki prosesində müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması praktiki məşğələlərlə əyani şəkildə nümayiş etdirildi.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin müzakirəsi zamanı regionlarda seçki dairələri üzrə treninqlərin təşkil olunma qaydası və formatı iştirakçılara izah olundu, treninqlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi tövsiyələr verildi və müzakirələr zamanı meydana çıxan suallar cavablandırıldı.

Qeyd edək ki, genişmiqyaslı maarifləndirmə layihəsi olan aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə noyabrın 25-dən başlanılacaq.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi