Noyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

14 noyabr 2014 22:19

Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 12 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

Sonra 2014-cü il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin təşkili məsələsi müzakirə olundu. Qeyd olundu ki, Mərkəzi Seçki Komissiyası seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin və iş təcrübəsinin artırılması üçün 2002-ci ildən etibarən müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində treninq layihəsi gerçəkləşdirir. MSK Katibliyinin bu sahədə təcrübə qazanmış əməkdaşlarından ibarət Treninq qrupu tərəfindən aparılan treninqlər, əyani vəsaitlərdən və seçkilərə dair konkret sənəd nümunələrindən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Komissiya illərdən bəri formalaşmış ənənə nəticəsində əldə olunmuş təcrübəni və treninqlərin maarifləndirmə prosesindəki əhəmiyyətini vurğulayaraq, bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin öz vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlmələri, onların işgüzar vərdişlərinin artırılması üçün 2 mərhələli treninqlərin keçirilməsinə qərar verdi. Qərara əsasən, treninqlərin birinci mərhələsində 2014-cü il noyabrın 17-dən başlayaraq, bələdiyyə seçkiləri keçiriləcək seçki dairələri dairə seçki komissiyalarının hər birindən 2 nəfər olmaqla Bakı şəhərində 4 günlük "Trenerlər üçün treninq”, ikinci mərhələdə isə noyabrın 25-dən etibarən yerlərdə aşağı seçki komissiyalarının bütün üzvləri üçün, hər qrupa 36 nəfərədək komissiya üzvü cəlb edilməklə formalaşmış təcrübəyə uyğun treninqlər keçiriləcək. Qeyd etmək lazımdır ki, ümumilikdə bu treninqlərdə 30000-dən çox aşağı seçki komissiyaları üzvlərinin iştirakı nəzərdə tutulur.

İclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə seçki bülleteninin mətni və forması təsdiq edildi, ümumilikdə 4976302 (dörd milyon doqquz yüz yetmiş altı min üç yüz iki) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alındı.

Komissiyanın iclasında, bu il keçiriləcək bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edildi və həmin partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi