Noyabrın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

12 noyabr 2014 16:23

Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 5 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

Sonra iclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin forması müzakirə və təsdiq edildi. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayına müvafiq olaraq (məcburi köçkün statusu almış seçicilər istisna olunmaqla), həmin saydan təqribən 3% artıq, ümumilikdə 4872705 (dörd milyon səkkiz yüz yetmiş iki min yeddi yüz beş) bildirişin mətbəə üsulu ilə hazırlanmasını qərara aldı.

Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi