Noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 31 oktyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı müzakirə olundu. Komissiya seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün səsvermənin yekunlarına dair protokolların hazırlanmasına qərar verdi. Eyni zamanda qərara alındı ki, protokollar seriyaları göstərilməklə seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməli, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Mərkəzi Seçki Komissiyasının iclasında bu il keçiriləcək bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxıldı və həmin partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.