Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirdi

17 oktyabr 2014 19:38

Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar qəbul edilmiş qərara müvafiq olaraq, qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində, Mərkəzi Seçki Komissiyasının inzibati binasında müşavirə keçirdi.

Müşavirədə açılış nitqi ilə çıxış edən MSK sədri Məzahir Pənahov azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərin demokratik dünyanın tələblərindən biri olmaqla bərabər, həm də demokratik dəyərlərin inkişafının əsas göstəricilərindən olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı bir ənənə formalaşmışdır. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaratmışdır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilmiş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün məhz dövlət başçısının ciddi mövqeyinin, konkret siyasi iradəsinin, eləcə də diqqət və qayğısının olduğunu vurğuladı. MSK da daxil olmaqla, 125 dairə seçki komissiyasının 100-dən çoxu üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini qeyd edən Məzahir Pənahov, seçki komissiyaları üçün yaradılmış bu şəraitin dünya praktikası üçün nümunə olduğunu bildirdi və fürsətdən istifadə edərək bir daha ölkə rəhbərliyinə Mərkəzi Seçki Komissiyası adından minnətdarlığını ifadə etdi.

MSK sədri ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər və növbəti mərhələdə həyata keçiriləcək layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırdı və öz tövsiyələrini verdi.

Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov da bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Maarifləndirmə tədbiri növbəti gün dairə seçki komissiyaları sədrlərinin Bakı şəhərində yerləşən seçki dairələrində təcrübə mübadiləsi ilə davam etdiriləcəkdir.

Layihənin ikinci mərhələsində oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur.


Müşavirədən şəkillər

Fotolar: AzərTAc