Oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın
13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirildi.
Əvvəlcə
Komissiyanın 29 may 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq
edildi. Sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsinin
təşkil olunması və həyata keçirilməsi məqsədilə 17 oktyabr 2014-cü ildə dairə
seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə və 18 oktyabrda
dairə seçki komissiyaları arasında təcrübə mübadiləsi, sonra isə 22-24 oktyabr
tarixlərində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış
kursların keçirilməsi qərara alındı.
Komissiyanın
iclasında IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz
Qəhrəman oğlu Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə
məsələyə də baxıldı. Qeyd olundu ki, Milli Məclisin deputatı Mübariz Qurbanlı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri təyin edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının
və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat mandatına xitam verilməlidir. Mərkəzi
Seçki Komissiyası qeyd olunan əsasları, eləcə də Mübariz Qurbanlının özü
tərəfindən deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya
müraciətini nəzərə alaraq, onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
qərar qəbul etdi.
Sonra seçki
dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan
normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirə olundu.
Mərkəzi Seçki Komissiyası seçki dairələri və məntəqələrin seçicilərin sayının
təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki
subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait
yaradılması, həmçinin bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb
olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki
dairələrində yenidən dəyişikliklər edilməsinə qərar verdi. Belə ki, 41 saylı
Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı
Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv
edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı
Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki
dairəsi yaradıldı. Eləcə də, bir sıra seçki dairələrinin hüdudlarında,
dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edildi.
MSK-nın
qərarı ilə həmçinin, Komissiyanın bəzi normativ xarakterli aktlarına və bir
sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
edildi, eləcə də cari məsələlərə baxıldı.
Beynəlxalq və xarici qurumların
təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak
edirdilər.