Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılmışdır
Yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılmışdır. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Sözügedən proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir.
Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təhvil verəcəklər. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcəkdir. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcəkdir.