Sergey LEBEDEV: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlarına uyğun keçirilmişdir
Bakı, 10 oktyabr. MDB müşahidə missiyası hesab edir ki, prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilmişdir. MDB müşahidə missiyasının aralıq hesabatında da bu məsələlər əksini tapmışdır. Yekun hesabat seçkilәrin nəticələri rəsmən elan olunduqdan sonra dərc ediləcəkdir. Seçkiqabağı qiymətləndirməyə əsasən sentyabrın 10-dan başlayaraq 1973 seçki məntəqələrində müşahidə aparan missiya seçkilərə hazırlıqla bağlı mükəmməl işlərin həyata keçirildiyinin şahidi olmuşdur.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev MMM-də keçirilən mətbuat konfransında söyləmişdir.
Onun sözlərinə görə missiyanın məqsədi seçicilərin hüquqlarının pozulub-pozulmadığını və seçkilərin ölkənin qanunvericiliyinə müvafiq keçirilib-keçirilmədiyini izləməkdir.
Azərbaycanda prezidentliyə namizədlər və hakimiyyət orqanları ilə keçirdiyimiz çoxsaylı görüşlər seçkilәrin kifayət qədər obyektiv olması barədə təəssürat oyatmışdır. MDB müşahidəçilərinin fikrincə, seçki prosesi çox mütəşəkkil keçmişdir. Məntəqələr seçki bülletenləri üçün şəffaf qutuların qoyulması və veb-kameraların quraşdırılması da daxil olmaqla texniki cəhətdən yüksək səviyyədə təşkil olunmuşdur.
Lebedev qeyd etmişdir ki, seçicilərin rahatlığı üçün hər məntəqədə tibb otaqları və uşaqlar üçün otaqlar təşkil olunmuşdur.
Seçki məntəqələrinə gələ bilməyən seçicilər üçün müvafiq şərait yaradılmışdır.
MDB missiyasının rəhbərinin sözlərinə görə, diplomatların, MSK üzvlərinin, həmçinin MDB ölkələrinin 6 MSK rəhbərlərinin daxil olduğu missiya bir çox rayonlarda monitorinq aparmışdır. Seçki prosesində kiçik anlaşılmazlıqlar istisna olmaqla heç bir qanun pozuntusu müşahidə olunmamışdır. Kiçik pozuntular seçkilərin nəticələrinə təsir edə bilmədi.
Missiya monitorinqin keçirilməsi ilə bağlı hesabat layihəsi hazırlayıb və bu, daha sonra açıqlanacaqdır.