Kristina OYULAND: Azərbaycanda prezident seçkiləri sülh şəraitində keçmişdir
Bakı, 10 oktyabr. Avropa Parlamentinin Estoniyadan üzvü, müşahidəçi xanım Kristina Oyuland Müstəqil Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında demişdir ki, Azərbaycanda seçkilər sülh, demokratik və sərbəst şəraitdə keçmişdir. "Avropa Parlamentinin üzvü olaraq AP-nın hesabatında qeyd edilmiş fikirlərə qoşulmaq istərdim. Bir saat bundan əvvəl elan edilən hesabatda qeyd edilmişdir ki, seçkilər demokratik şəraitdə keçirilmişdir. Qeyd etməliyəm ki, seçkilər heç bir ölkə mükəmməl ola bilməz, lakin əminliklə deyə bilərəm ki, Azərbaycan son 10 il ərzində süərli inkişaf yolu keçmişdir”.
K.Oyuland Prezident İlham Əliyevi və seçkilərdə sərbəst iradə nümayiş etdirdiyi üçün bütün Azərbaycan xalqını təbrik etmişdir.
Onun sözlərinə görə, bütün müşahidəçilər və vətəndaş cəmiyyətinin nümayəndələri səsvermə zamanı internetdən sərbəst istifadə edə bilmişdilər. Bu isə o deməkdir ki, hər bir kəs maneəsiz öz fikirlərini ifadə edə bilmişdir. Bu seçkilər son illərdə Qərblə əlaqələri və strateji əməkdaşlığı inkişaf edən Azərbaycanda böyük inkişafın mərhələlərindən biridir.
K.Oyuland demişdir: "Seçkilər sülh şəraitində keçmişdir. Azərbaycanda hazırkı vəziyyəti tənqid edənlərə demək istəyirəm ki, ölkədə seçkilərin hər hansı bir digər Avropa ölkəsində olduğu kimi keçirilməsini gəzləmək olmaz. Bütün ölkələrdə mentalitetlər və xalqlar müxtəlifdir”.