Lidiya Ermoşina: İnanıram ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır
Bakı, 9 oktyabr. Prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlmiş Belarus Mərkəzi Seçki Komissiyasının sədri xanım Lidiya Ermoşina oktyabrın 9-da Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, M. Pənahov qonağı salamladıqdan sonra prezident seçkilərinin təşkili ilə bağlı görülmüş işlərdən danışmış, seçkilərin şəffaflığı, demokratikliyi baxımından müşahidəçilik institutunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Sədr demişdir: "Seçkilərə hazırlığı və səsvermənin gedişini izləmək üçün bir çox ölkələrin seçki komissiyalarının rəhbərlərini və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət etmişik. Proseslə bağlı onların fikirləri bizim üçün əhəmiyyət kəsb edir”.
Lidiya Ermoşina bildirmişdir ki, seçkiqabağı vəziyyəti izləmək üçün Belarusun müşahidə missiyası Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında səsvermə prosesini izləyirlər. Mən müşahidə etdiyim məntəqələrdə səsvermənin seçici fəallığı ilə keçdiyini gördüm və heç bir qanun pozuntusuna rast gəlmədim. İnanıram ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır”.